Vətənimizin dilbər guşəsi, yaşıllığa qərq olmuş qədim Şəkinin 2600-dən çox yaşı var. Tarixçilərin dediyinə görə "Şəki" sözü qədim dövrdə burda məskən salmış Sak tayfaları ilə əlaqədardır.
Dünya okeanının səviyyəsindən 500-800 m. hündürlükdə olan Şəki Böyük Qafqaz dağlarının cənub ətəklərində subtropik qurşağınsərhədində, X əsrdə yaşamış ərəb səyyahlarından biri olan Əl-Müqəddəsinin yazdığı kimi düzənlikdə yerləşirmiş.
XVIII əsrin axırlarınadək Şəkidən bir qədər şərqdə Nuxa kəndi olmuşdur. 1772-ci ildə Kiş çayından keçən fəlakətli sel axını şəhəri dağıdandan sonra şəhər Nuxa kəndi ərazisinə köçmüşdür. Beləliklə Şəki 200 il Nuxa adlanmışdır. 1968-ci ildə Şəkinin qədim adı özünə qaytarılmışdır. Şəhər indiki yerinə köçürüləndən sonra Şəki qalası Narınqala tikilmişdir. Şəki şəhəri Qafqaz dağlarına söykənən böyük bir ərazidə gözəl bir yerdə yerləşir.
Aleksandr Düma (ata) "Qafqaz səfəri" əsərində yazır: "Biz Nuxadan uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün qabağında canlanırdı". A.S.Puşkinin dostu, rus generalı M.M.Rayevski 1826-cı ildə yazdığı məktubda göstərirdi ki, "...Nuxa gözəldir bu yüksək dərəcədə Baxçasaraydır". Şəkinin heç yerdə təkrarı olmayan mədəniyyət abidələrinə heyran qalan Nazim Hikmət yazırdı "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı bircə Xan sarayını dünyaya göstərmək bəs edərdi..." Polşa rəssamı-nəqqaşı Molqojata Kujnyar "Şəki doğrudan da gözəldir. Mən buranın təbiətindəki cazibədarlığı, adamlarındakı səmimiyyəti, mehribanlığı, qonaqpərvərliyi heç yerdə görməmişəm". moskvalı şair Şterşnova Şəkidə qonaq qaldıqdan sonra yazmışdı "Şəki Azərbaycanın elə dilbər guşəsidir ki, burada şair olmamaq mümkün deyildir". Məşhur hind alimi Dehli Universitetinin rektoru, professor Munis Raza şəhərin gözəlliyinə heyran olduğunu bildirərək demişdir "Şəkinin təbiəti mənə vətənim Himalayın cənub yamaclarını xatırlatdı".
Xalq şairi B.Vahabzadə dədə-baba yurdunun gözəlliyini "Şəki" şeirində belə ifadə edir:
Elə bil yenicə sığal vurubsan,
Sanki gül bağısan, çiçəksən Şəki. |